Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır.
Trend xəbər verir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlət başçısı bildirib:
“Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. Düzdür ermənilər o vaxt bu qələbəni kiçiltmək istəmişdilər. Hətta bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və sanki Ermənistan tərəfi qalib gəlmişdi. Mən hələ o vaxt deyirdim ki, biz gəlmişik, onların qazdıqları səngərlərdə yerləşmişik, necə ola bilər ki, Ermənistan burada qalib gəlib?! Biz o vaxt böyük ərazini, əlbəttə ki, o vaxt üçün böyük ərazini – bir neçə min hektarı azad etmişdik və təqribən 9-10 min hektar əraziyə nəzarəti əlimizə keçirmişdik. Təkcə bu istiqamətdə yox, eyni zamanda, Ağdərə istiqamətində çox önəmli strateji yüksəklikləri biz o vaxt götürdük ki, İkinci Qarabağ müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur. O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Mənim xatirimdədir, o vaxt Dövlətqaçqınkomun sədri Əli Həsənovdan soruşmuşdum ki, belə bir fikrim var, Cocuq Mərcanlı sakinlərini öz kəndinə qaytaraq. O vaxt orada bir ailə – Oktay Həziyevin ailəsi yaşayırdı. Dedim ki, siz öyrənin görün gəlmək istəyirlər, istəmirlər? Artıq uzun müddət keçib, bəziləri Biləsuvarda, bəziləri Bakıda işləyirlər, indi iş yerləri var, qayıtmaq istəyirlər, yoxsa, yox? Bir müddət keçəndən sonra Əli müəllim mənə dedi ki, demək olar onların hamısı qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Çünki o vaxt müxtəlif fikirlər var idi ki, torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları o yerləri görməyiblər, onların uşaqları, nəvələri. Ancaq o sözlər bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır.
Dərhal göstəriş verdim və Dövlətqaçqınkom qısa müddət ərzində böyük bir qəsəbəni saldı və mən 2017-ci ildə o qəsəbənin açılışına gəlmişdim. O vaxt mərhələli şəkildə 150 evdən ibarət qəsəbə salındı, məktəb, tibb məntəqəsi tikildi. Şuşa məscidinin bənzəri olan məscid inşa edildi, iş yerləri üçün imkanlar yarandı. Mən Cocuq Mərcanlıda olarkən demişdim ki, bu gün Şuşa məscidinin – Gövhər ağa məscidinin bənzərini biz burada inşa etmişik, bu, rəmzi məna daşıyır. Şuşa işğaldan azad olunandan sonra ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Dörd il keçəndən, daha doğrusu üç il keçəndən sonra artıq bu sözlər həyatda öz yerini tapmışdır.
Yəni, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.