Prezident İlham Əliyev: Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq

BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən bildirib.

İki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclasının keçiriləcəyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik. Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır – demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir”.

Prezident əmin olduğunu bildirib ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.

Teqlər: