Prezident İlham Əliyev: Biz qaz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq

Biz qaz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Bizim böyük layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq – xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir.

Avropa Komissiyasının bizim nəqliyyat sektorumuza böyük əhəmiyyət verməsi məni çox qane edir. Prezident Şarl Mişelə səfəri zamanı ona bizim Dəniz Ticarət Limanının, Azad İqtisadi Zonanın imkanları təqdim olundu. Biz Avropa təsisatlarının bu sahəyə ciddi yanaşmasını görürük. Bu, təkcə iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq baxımından deyil, həm də ümumilikdə regionda sabitlik və təhlükəsizlik baxımından həqiqətən də çox ümidverici sahə ola bilər. Çünki əməkdaşlıq ölkələri birləşdirir, onları bir-birindən asılı edir, onlar faydanı paylaşa bilir. Həmin səbəbdən də bu, hər hansı yanlış anlaşılma risklərini minimuma endirir. Siz bəlkə də bilirsiniz ki, biz Azərbaycanda nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlamışıq və biz hazırıq, artıq bu potensialdan istifadə edirik.

Sizin qeyd etdiyiniz digər sahələr də çox mühümdür. Humanitar, təhsil, sözsüz ki, Azərbaycanın demokratik inkişafı ilə bağlı bütün bu məsələlər bizim gündəliyimizdədir və biz Avropa İttifaqı ilə sıx şəkildə işləyirik.

Əlbəttə, indi düşünürəm ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir və biz buna hazırıq. Siz bəlkə də mənim bununla bağlı bəyanatlarımı eşitmisiniz. Mən nəzərdə tutduğumu deyirəm, bu, bizim siyasətimizdir. Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, – bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər”.

Teqlər: