Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada,
tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Suqovuşan
qəsəbəsində Azərbaycan xalqını təbrik edərkən deyib.
Dövlət başçısı bildirib:
“Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq,
abadlıq işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa
müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min
kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur
düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi
yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib.
Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər
çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm
ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail
olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları.
Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi
iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli
həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi
Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr
edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr
edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan
gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və
Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda
bundan sonra əbədi yaşayacağıq”.