Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına
riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz
binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də
23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci
Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına
riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz
binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki,
xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər
tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik
təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi.
Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında
alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə
qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə,
ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də
bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz
buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da
az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə
iştirak edirdilər.
Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki indi dünyada bir
çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki,
gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm
Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan
xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini
görür. Əlbəttə ki, idmançılarımız üçün bu, əlavə bir stimuldur.
Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil
edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər
həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz
əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda
həyat yaradan, həyat quran xalqıq.
Əlbəttə ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir.
Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman
kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş
bütün şəhərlərin baş planlarında da öz əksini tapır. İndidən
federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim
etməlidir. Çünki şəhərlərin baş planlarında idman qurğularının
yerləşməsi nəzərdə tutulur. Amma bunlar hansı formada olacaq,
memarlığı necə olacaq, bunu artıq müvafiq federasiyalar, Gənclər və
İdman Nazirliyi təqdim etməlidir”.