İndi biz ərazilərin yenidən qurulması və canlandırılması
məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılıb və yerlə-yeksan
edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham
Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra
mətbuata bəyanatında bildirib.
Beynəlxalq ekspertlərin azad edilmiş şəhərlərdən biri olan
Ağdamı “Qafqazın Hirosiması” adlandırırdıqlarını diqqətə çatdıran
dövlətimizin başçısı bir daha vurğulayıb ki, “biz sülhə sadiqik və
ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik”.
Litva Prezidenti ilə çox uğurla inkişaf edən Avropa
İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə
etdiklərini bildirən Azərbaycan Prezidenti deyib: “Həmçinin yeni
saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji,
nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini
müzakirə etdik. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır.
Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz
qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim
Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki,
artmaqdadır. Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını
dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə
Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar
imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki,
Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır”.