Prezident İlham Əliyev: Biz heç vaxt bu işğalı unutmamalıyıq, həmişə biz hər şeyə hazır olmalıyıq

Eyni zamanda, əlbəttə, biz heç vaxt bu işğalı unutmamalıyıq,
erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda, onu da
unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir.
Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz
real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan
tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı
soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi
həmişə bizim yaddaşımızda olmalıdır. Məsuliyyətli insanlar kimi
həmişə biz hər şeyə hazır olmalıyıq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Əlbəttə, gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha
da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha
Azərbaycan ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın isə inkişafı
onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan
münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki,
Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan
inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların
özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını
itirmişlər. Biz isə 30 il ərzində, – baxmayaraq ki, torpaqlarımız
işğal altında idi, – tam siyasi və iqtisadi müstəqilliyə nail
olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün
kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son
şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək.
İnkişaf üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə,
Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və
prinsiplər əsasında normallaşmalıdır”.

Teqlər: