Prezident İlham Əliyev: Biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik

Biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində,
ləyaqət prinsipi əsasında məğlub etməliyik.

AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə
Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini
qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Bizim şəhərlərimiz, dinc şəhərlərimiz
gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc
insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş
nəticəsində həlak oldu. Amma mən o vaxt demişdim, hələ müharibə
gedə-gedə demişdim ki, biz ermənilərin əməllərini heç vaxt təkrar
etməyəcəyik. Biz düşmənə döyüş meydanında cavab verəcəyik. Elə
cavab verəcəyik ki, onlar əbədi bu dərsi yadda saxlasınlar. Mən
keçirilmiş Avropa çempionatında da eyni xasiyyəti gördüm,
Azərbaycan xalqına xas olan xasiyyəti. Ədalət, eyni zamanda,
mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət
hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən
biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz
qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik.
Bunu görərkən mən bir daha əmin oldum ki, Azərbaycan xalqının
gələcəyi bundan sonra da çox parlaq olacaq, bundan sonra da
istənilən idman növündə. Misal üçün, biz indi bunu futbol
yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox
ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə
demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım
deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz
əməyimizlə qazanmışıq”.

Teqlər: