Prezident İlham Əliyev: Biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik

Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də
müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki,
biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi
kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən
sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham
Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra
mətbuata bəyanatında bildirib.

“Biz, həmçinin Gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir
mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət
qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi
Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq
başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən
verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə,
təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.
Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O
fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə
bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul
etmişdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq
şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin
delimitasiyasına dair birgə komissiyanın yaradılmasını
dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev ümid etdiyini
bildirib ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva
edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas
olacaq.

Teqlər: