Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Cənab səfir, Azərbaycana xoş gəlmisiniz. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzu edirəm. Həyatınızın bir hissəsi bizim ölkəmizlə bağlı olacaqdır. Ümid edirəm, siz nəinki indi haqqında danışdığınız məsələlərin təşviqində bir səfir kimi fəal olacaqsınız, eyni zamanda, sizin ətrafı görmək və Azərbaycanı daha da yaxşı tanımaq imkanınız olacaqdır ki, Brüsselə və ya hər hansı başqa bir yerə geri döndükdə özünüzlə yaxşı xatirələr aparasınız. Siz qeyd etdiyiniz kimi, əməkdaşlığımızın, uzunmüddətli əməkdaşlığımızın çox geniş gündəliyi var. Bu, çox səmərəli və uğurlu əməkdaşlıqdır. Sizin qeyd etdiyiniz sahələr, əslində, bizim əməkdaşlığın prioritet sahələridir və prezident Şarl Mişelin bu yay səfəri zamanı biz bu məsələləri geniş müzakirə etdik. Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik. Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və biz böyük nailiyyət əldə etmişik. On il bundan əvvəl bu binada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə imzalandı. Bu, Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım idi. Bundan sonra əməli addımlar atıldı və ötən ilin son günündən bu yana biz artıq əməli nəticələri görürük. Azərbaycan qazı artıq Avropa bazarındadır.
Əlbəttə ki, bizim böyük layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq – xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir.
Avropa Komissiyasının bizim nəqliyyat sektorumuza böyük əhəmiyyət verməsi məni çox qane edir. Prezident Şarl Mişelə səfəri zamanı ona bizim Dəniz Ticarət Limanının, Azad İqtisadi Zonanın imkanları təqdim olundu. Biz Avropa təsisatlarının bu sahəyə ciddi yanaşmasını görürük. Bu, təkcə iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq baxımından deyil, həm də ümumilikdə regionda sabitlik və təhlükəsizlik baxımından həqiqətən də çox ümidverici sahə ola bilər. Çünki əməkdaşlıq ölkələri birləşdirir, onları bir-birindən asılı edir, onlar faydanı paylaşa bilir. Həmin səbəbdən də bu, hər hansı yanlış anlaşılma risklərini minimuma endirir. Siz bəlkə də bilirsiniz ki, biz Azərbaycanda nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlamışıq və biz hazırıq, artıq bu potensialdan istifadə edirik.
Sizin qeyd etdiyiniz digər sahələr də çox mühümdür. Humanitar, təhsil, sözsüz ki, Azərbaycanın demokratik inkişafı ilə bağlı bütün bu məsələlər bizim gündəliyimizdədir və biz Avropa İttifaqı ilə sıx şəkildə işləyirik.
Əlbəttə, indi düşünürəm ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir və biz buna hazırıq. Siz bəlkə də mənim bununla bağlı bəyanatlarımı eşitmisiniz. Mən nəzərdə tutduğumu deyirəm, bu, bizim siyasətimizdir. Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, – bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər.
Əminəm ki, siz çox məşğul olacaqsınız, çünki görüləsi çox iş var. Mən sizə və ailənizə uğurlar, Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram”.