Prezident İlham Əliyev: Biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik

Keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi
istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu,
rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini
ixrac edən ölkəyə çevrildik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan
Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

““Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük
enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində
“Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir
həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər
görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb
edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji
obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər
verir.

Həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə
verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750
meqavat olan yarımstansiya əlbəttə ki, bizim enerji sismtemimizdə
önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik
Stansiyasının açılması əlbəttə, generasiya güclərimizi böyük
dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000
meqavatlıq yarımstansiya inşa edilib. Onu da deməliyəm ki, bu
genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan
şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər.
Yəni, bu onu göstərir ki, bizim çox güclü texniki potensialımız,
kadr potensialımız var.

Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ
də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına
inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə
imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir,
texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə
elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin
yenə də davamı var. Çünki artan tələbat – həm daxili tələbat, həm
xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da
bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat
elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat
ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox
ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim
kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan
tələbat bizi yeni addımların atılmasına sövq edəcək”.

Teqlər: