Biz artıq Avropanın qaz təchizatçısı olmuşuq.
AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Yanvarın 1-dən başlayaraq biz İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq. Beləliklə, bu, ciddi artımdır. Lakin hasilatı artırmaq üçün biz, əlbəttə ki, investisiya yatırmalıyıq və bunu etmək üçün bizim istehlakçılarla müqavilələrimiz olmalıdır. Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir. Lakin biz hazırıq, sizin qeyd etdiyiniz kimi, nəhəng yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Siz Balkanları qeyd etdiniz və mən Mərkəzi Avropanı əlavə edərdim. Bu, bizim üçün təchizatın şaxələndirilməsi və istehlakçılar üçün şaxələndirmə olacaq”.