Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin
Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd
bin Rəşid Al Məktuma başsağlığı məktubu göndərib.
AzerTimes xəbər verir ki,
məktubda deyilir:
“Əlahəzrət,
Görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbərini dərin kədər hissi
ilə qarşıladıq.
Xalqının lideri olan, bütün həyat və fəaliyyəti ilə ölkəsinə
hədsiz sədaqət nümunəsi göstərmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan
beynəlxalq aləmdə yüksək nüfuz sahibi idi. Azərbaycan Respublikası
ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafında və genişlənməsində onun müstəsna
xidmətləri olmuşdur.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə,
Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”.