Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq

Bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışından sonra ictimaiyyət nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Artıq Ordubad şəhərinə də təmiz içməli su verilir. Artıq bir müddətdir ki, şəhərin və Şəhriyar qəsəbəsinin sakinləri bu sudan istifadə edirlər. Çox əlamətdar hadisədir. Bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da içməli su ilə təminat həmişə problemli idi. Son illər görülmüş işlər nəticəsində demək olar ki, ölkə üzrə bütün əksər şəhərlərdə bu layihələr icra edilib. Bir neçə şəhər qalıb ki, orada da yaxın gələcəkdə içməli su və kanalizasiya layihələri icra ediləcək.

Şadam ki, Naxçıvan Muxtar Respublikasında artıq bir neçə şəhər içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edilib – Naxçıvan şəhəri, Şərur, Şahbuz, Culfa, indi də Ordubad şəhəri. Növbəti mərhələdə daha üç şəhərdə – Kəngərli, Babək və Sədərəkdə də içməli su layihələri icra ediləcək. Beləliklə, içməli su ilə təminat artıq 100 faiz təşkil ediləcək. Necə ki, vaxtilə təbii qazla və elektrik enerjisi ilə təminat 100 faizə çatdı, bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq. Yollar da infrastruktur layihələri arasında xüsusi yer tutan layihələrdir. Bu gün artıq yeni çəkilmiş Culfa-Ordubad yolu ilə Ordubad şəhərinə gəldim. Yol şəbəkəsinin qurulması istiqamətində də demək olar ki, bütün şəhərlərarası layihələr başa çatıb. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm”.

Teqlər: