Bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng
etməsin – Amerikadan tutmuş Avropaya qədər.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.
Dövlət başçısı bildirib:
“Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox!
Biganə idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam
qalmayıb ki, bizə zəng etməsin – Amerikadan tutmuş Avropaya qədər.
Birincisi, Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur,
ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək
istəmirəm. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5
faizdir. Orada humanitar fəlakət hökm sürür? Bunlar bir həftə
qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il
qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala
cavab var? Var! İkili standartlar və ayrı-seçkilik. Biz indi qazı
bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə
olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim
bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa
etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan
vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar
və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o
qədər yaxşı olacaq. Ona görə etmişik, humanizm göstərmişik. Amma
Naxçıvanı qazsız qoyan o hadisəni heç vaxt unutmamışıq. Biz 2005-ci
ildə İranla razılaşma əsasında İrandan Naxçıvana qaz çəkdik və
Astaradan İran Astarasına qaz xətti çəkdik və svop əməliyyatları
keçiririk. O vaxtdan bu günə qədər Naxçıvan belə təmin edilir,
İrandan qaz alır. Amma bizim qazımız kəsilmişdir, bizim suyumuz
kəsilmişdir”.