Bir çox yerlərdə istedadlı uşaqlar var, sadəcə olaraq onları
düzgün seçmək və idmana cəlb etmək lazımdır.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də
23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci
Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman
yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm
imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun
mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə
bilərik. Məsələn, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak
edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya
Oyunlarının səviyyəsində keçirilir. Yəni, bütün bu şəraiti biz
yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə
yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın.
Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında
qoyduğum vəzifələrdən biri də məhz budur – idmanın kütləviliyini
təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə
etmək. Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman
kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa
edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik. Seleksiya
işi çox düzgün aparılmalıdır. Bölgələrdə bir çox yerlərdə istedadlı
uşaqlar var, sadəcə olaraq onları düzgün seçmək və idmana, idman
bölmələrinə cəlb etmək lazımdır”.