Prezident İlham Əliyev: Beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsi çox əhəmiyyətli idi və bu, baş verdi

Qarşımızda duran ən mühüm məsələlərdən biri də beynəlxalq
təşkilatlarla əməkdaşlıq edərək yeni reallıqları daha da
gücləndirmək, regionla bağlı strategiyamızı və vizyonumuzu təqdim
etməkdən ibarət idi. Beynəlxalq təşkilatların yaranmış yeni
reallıqları qəbul etməsi də çox əhəmiyyətli idi və bu da baş
verdi.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA
Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”
mövzusunda beynəlxalq konfransda bildirib.

Azərbaycanın, həmçinin Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq
dövrünü təşviq etdiyini vurğulayan Prezident İlham Əliyev deyib:
“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5
prinsipi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq
bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq
sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan
bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin
başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib.
Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş
verən pozitiv siqnaldır”.

Teqlər: