Bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet
məsələdir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 15-də
Gülüstan sarayında Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma
mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Bildirməliyəm ki, bu ilin əvvəlindən energetika sahəsində çox
önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan,
Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240
meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral
ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə
elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə
günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay
tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri
yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Əminəm ki,
2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir
və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan
enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun
illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real
nəticələr görürük. Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik,
iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat,
kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə
sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam
neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik
enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Mən buna
əminəm, biz artıq bu işin təzahürlərini görürük. Onu da nəzərə
almalıyıq ki, qonşu ölkələrdə və Avropa qitəsində elektrik
enerjisinə böyük ehtiyac vardır. Biz elektrik enerjisini yalnız
ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik – təbii qaz, su,
günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda
bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür.
Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla
bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın
gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik”.