Prezident İlham Əliyev Baydenə məktub göndərib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti
Cozef Baydenə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Novruz bayramı münasibətilə təbrik məktubunuza və xoş
sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm.

Sizin də qeyd etdiyiniz kimi, bu il biz Azərbaycan Respublikası
ilə Amerika Birləşmiş Ştatları arasında əlamətdar ildönümünü –
diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu
hadisə ilə əlaqədar Sizi təbrik edir, dost Amerika xalqına ən
səmimi arzularımı çatdırıram.

Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən otuz ildə ölkələrimiz
arasında uğurlu ikitərəfli münasibətlər formalaşmışdır. Bu dövr
ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya
yatırımı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın
iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunmuşdur.

Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu
kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində
birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji
təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə
tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır.
Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət
kəsb edən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji
ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı
transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın
göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk.

Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə
qarşı mübarizədə də Birləşmiş Ştatlarla bir sırada yer almış,
etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Ölkəmizin NATO-nun
Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sona qədər
ABŞ-la sıx işbirliyi beynəlxalq sülh və təhlükəsizliyə verdiyimiz
töhfənin bariz təzahürüdür.

Hörmətli cənab Prezident,

Bu gün Azərbaycan Respublikası xalqın iradəsi və maraqları
əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın tarixi
torpaqlarının işğaldan azad edilməsi ilə Ermənistanın Azərbaycana
qarşı otuz ilə yaxın davam edən hərbi təcavüzünə son qoyulmuş və
ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə
qalmış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra
etmişdir. Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri
əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa
hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh
gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.

İşğaldan azad edilmiş torpaqlarımızda postmünaqişə dövründə
bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz ABŞ-dan olan
şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, dost və tərəfdaş olaraq bütün sahələrdə
ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə əhəmiyyətli
potensiala malik əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün
bundan sonra da birgə səylər göstərəcəyik.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə
müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və rifah
diləyirəm”.

Teqlər: