“Azərenerji” Səhmdar Cəmiyyəti Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışında deyib.
Dövlət başçısı bildirib:
“Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir”.