Prezident İlham Əliyev: Azərbaycanla Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var

Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş
ənənələrə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə
əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb. Xalqlarımız arasında
dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq
doğurur.

AzerTimes-ın məlumatına görə, bu
fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Polşa
Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyi ilə əlaqədar polşalı Andjey Dudaya ünvanladığı təbrikdə yer
alıb.

Təbrikdə deyilir: “Biz Azərbaycan ilə Polşa arasında əlaqələrə
böyük əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər,
siyasi, iqtisadi-ticari, mədəni və digər sahələrdə genişlənən
əməkdaşlıq diplomatik əlaqələrimizin otuz illik tarixini
səciyyələndirən cəhətlərdir. Əlamətdar haldır ki, biz bu il həm də
münasibətlərimizin xarakterini bariz şəkildə əks etdirən
“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji
tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında
Birgə Bəyannamə”nin imzalanmasının beş illiyini qeyd edirik.

Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı
faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər
var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud
potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da
möhkəmləndirə və genişləndirə bilərik”.

Dövlətlərarası münasibətlərin inkişafında davamlı təmasların və
ali səviyyəli səfərlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayan
Prezident İlham Əliyev Azərbaycan-Polşa əlaqələrinin
dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq birgə
səylərlə bundan sonra da uğurla inkişaf edəcəyinə və
genişlənəcəyinə inamını ifadə edib.

Teqlər: