Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədəki uğur düsturunu bölüşüb

Xəbər verildiyi kimi, aprelin 29-da ADA Universitetində “Cənubi
Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans baş
tutub. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev iştirak edib.

Dövlət başçısı konfrans çərçivəsində beynəlxalq beyin
mərkəzlərinin rəhbərlərinin suallarını cavablandırıb. Böyük
Britaniyanın Henri Cekson Cəmiyyətinin strateji münasibətlər üzrə
meneceri Alyona Hlivko Prezident İlham Əliyevə Azərbaycanın öz
ərazilərini erməni işğalından necə azad etməsi barədə sual verib.
Dövlət başçısı suala ətraflı cavab verib, Azərbaycanın ərazi
bütövlüyü uğrunda mübarizədəki təcrübəsini, bir növ uğur düsturunu
bölüşüb.

Onun sözlərinə görə ən önəmlisi heç bir zaman işğalla
razılaşmamaqdır.

“Bilirsiniz, danışıqlar zamanı müxtəlif anlar olub və mən
Qərbdən olan həmkarlarımdan müxtəlif mesajlar almışam. Onlardan
biri o idi ki, siz reallığı nəzərə almalısınız. Azərbaycan Birinci
Qarabağ müharibəsini uduzub və sizin davranışınız reallığa
əsaslanmalıdır. Ərazi bütövlüyümüzlə əlaqədar məsələlərdə bizə
məsləhət verməyə cəhdlər olub və mən hər zaman yox demişəm. Şəxsən
mən, Azərbaycan xalqı öz torpaqlarımızda digər saxta erməni
dövlətinin yaradılmasına heç vaxt razı olmayacağıq, lazım olarsa,
biz ölənə kimi döyüşəcəyik. Mənim şərhlərim bəzən düşmənçilik,
aqressivlik kimi təqdim edilib. Mən hər zaman ritorikama görə
tənqid olunmuşam. Ermənistan liderləri hər zaman “konstruktiv”
olduqlarına görə təriflənib.

Onlar belə “konstruktiv” idi, onlar işğalı möhürləmək
istəyirdilər. Onlar istəyirdilər ki, biz Dağlıq Qarabağdakı
separatçılara müstəqillik verməyə razı olaq. Onlar bizim ərazinin
böyük hissəsini, xüsusilə keçmiş DQMV ilə Ermənistan arasındakı
əraziləri öz nəzarətləri altında saxlamaq istəyirdilər. Mənim
mövqeyim belə idi ki, biz heç vaxt buna razı olmayacağıq.

Beləliklə, ilk növbədə, öz təcrübəmizə əsaslanaraq deyə bilərəm
ki, heç vaxt, heç bir halda ərazi bütövlüyünün pozulması ilə
razılaşmayın. İkincisi, işğal dövründən mən nə öyrəndim? Öz
ehtiyatlarına bel bağlamağı. Üçüncüsü, beynəlxalq təşkilatların
qətnamə və qərarlarına güvənməməyi. Onların heç bir dəyəri yoxdur.
BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının bizim ərazimizdən
qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasına dair 27 il ərzində
icra olunmayan dörd qətnamə qəbul edib. Biz onları özümüz icra
etmişik. Bu qətnamələri qəbul edən ölkələrdən üçü BMT Təhlükəsizlik
Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun həmsədrləridir.
Mən hər zaman onlardan soruşurdum ki, qəbul etdiyiniz qətnamələri
niyə icra etmirsiniz? Cavab aydın idi. İşğal vəziyyəti onlar üçün
məqbul idi. Bu, Ermənistan üçün, bu, həmsədrlər üçün məqbul idi,
lakin bizim üçün məqbul deyildi. Biz azlıq idik. Biz real dünyada
yaşamalı və başa düşməli idik ki, beynəlxalq təşkilatlardan heç bir
dəstək yoxdur. Mən hazırda Ukraynadakı vəziyyət barədə danışmıram.
Bu xüsusda, vəziyyət bir qədər fərqlidir. Mən özümüz barədə
danışıram. Əlbəttə ki, bizə güclü ordu lazım idi. Bunun üçün isə
bizə güclü iqtisadiyyat lazım idi. Hər bir şey nəticəyə
hesablanaraq edilirdi – biri digərindən sonra, bəzən paralel. Bizim
yeni nəslə, doğma torpaqlar naminə ölümə gedəcək nəslə ehtiyacımız
var idi. Bu nəsil yetişdi. Qarabağ uğrunda şəhid olan nəslin
əksəriyyəti heç vaxt Qarabağı görməmişdi. Cavan vətənpərvər nəsil
yüksək motivasiyalı idi”, – Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki,ən önəmlisi güclü orduya sahib olmaq
idi və biz onu etdik.

“Prezident kimi bütün illər ərzində bu, mənim bir nömrəli
məsələm idi. Ona görə də hərbi xərclərimiz digərləri ilə müqayisədə
bir nömrəli idi. İkinci təhsil idi, o da öz növbəsində vacibdir.
Əks təqdirdə torpaqları geri alacaq vətənpərvər insanları
yetişdirmək mümkün deyil.

Əlbəttə ki, yüksək motivasiya – biz onları motivasiya edirdik.
Ermənistanın tərəfində kimin dayanmasından asılı olmayaraq, biz
axıradək getməyə hazır idik. Biz müəyyənləşdirdik ki, Ermənistanın
tərəfində olanlar çoxdur. Bu, baş verdi, lakin bizi saxlaya
bilmədi. Müharibə zamanı mən dayanmağa hazır olduğumu dəfələrlə
açıq şəkildə demişdim: Ermənistanın baş naziri çıxmağa dair mənə nə
vaxt cədvəl verərsə, – biz bu müharibəni istəmirdik, biz öz
ərazimizdə döyüşürdük, – o, həmişə imtina edirdi. Lakin biz Şuşanı
azad edəndən sonra o, 9 noyabrda tarixləri verməyə razılaşdı.
Bundan sonra biz dayandıq. Biz əlavə olaraq döyüşmədik, çünki
insanların həlak olmasını istəmirdik. Kapitulyasiya aktına əsasən
biz qalan əraziləri azad etdik. Bu, bizim necə döyüşdüyümüz, necə
hazırlaşmağımızdır. Əgər siz məndən bunların arasında ən vacib
olanı soruşursunuzsa, deyə bilərəm, mütləq şəkildə inanıram ki, bu,
əzmdir. Ən vacib olan budur. Özünü müdafiə etmək əzmi olan ölkənin
xalqını sən heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola
bilər”, – deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın Ukraynanın və digər
ölkələrin ərazi bütövlüyünü dəstəkləyir.

“Biz bunu açıq şəkildə edirik, böyük ağacların arxasında
gizlənmirik. Nə demək istədiyimizi deyirik. Bəli, bizim Rusiya ilə
yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə də yaxşı
münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi
seçimlərə əsaslanaraq təfsir edilməməlidir. Biz özümüz hər zaman
bunun subyekti olmuşuq. Çünki hətta Ukraynadakı hadisədən əvvəl
beynəlxalq ictimaiyyət tərəfindən Gürcüstanın və Moldovanın ərazi
bütövlüyünə hər zaman açıq şəkildə dəstək ifadə olunub. Bizə
çatanda isə mesaj həmişə bu olub ki, gedin sülh yolu ilə həll edin.
Lakin sənin ərazindən çıxmaq istəməyən işğalçı ilə necə sülh yolu
ilə razılaşa bilərsən? Biz cəhd etdik. Mən, demək olar ki, 17 il
cəhd etdim. Sonra biz gördük ki, bu, mümkün deyil. Sonra biz gördük
ki, bizim sülh yolu ilə həll etmək istəyimiz işğalçını daha
təkəbbürlü və aqressiv etdi. Onlar yeni ərazilər naminə yeni
müharibə ilə bizi hədələməyə başladılar və “Qarabağ Ermənistandır”
dedilər. Lakin indi nə deyirlər? İndi isə deyirlər ki, Qarabağ
Azərbaycandır. Bunu kim dedi? 2019-cu ildə “Qarabağ Ermənistandır”
deyən eyni şəxslər. Biz yeni reallıqlar yaratdıq – necə deyərlər,
öz əllərimiz və öz qəlbimizlə. Hesab edirəm ki, bizim təcrübəmiz
ləyaqət, ərazi bütövlüyü və ədalət naminə bütün ölkələr üçün
əhəmiyyətlidir”, – Prezident İlham Əliyev əlavə edib.

Teqlər: