Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçildiyi gündən bəyan etmişdi ki, ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı dövlət siyasətinin əsas prioritetləridir. Son 18 ildə qarşıya qoyulan bütün hədəflərə nail olunub. Prezident İlham Əliyev Azərbaycanın dayanaqlı inkişafının təminatçısıdır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı, fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası isə bu gün yalnız ölkəmizdə yox, bütövlükdə böldəgə yeni inkişaf reallığı yaradıb:
“Bu reallıq regionun rifahı üçün əlavə stimuldur. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
Eyni zamanda Azərbaycan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri reallaşdırmaqdadır. Azərbaycan yalnız özünün maliyyə resursları hesabına sıfırdan yeni şəhər və kəndlər inşa edir. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcək. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük qayıdış çərçivəsində reallaşdırılacaq”, – deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan azad olunmuş ərazilərimizdə inkişafın yeni və daha uğurlu modelini tətbiq etməkdədir:
“Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaqdır. Azərbaycanın müvafiq strukturları və əcnəbi tərəfdaşlartərəfindən bu məsələlər üzərində fəal işlər aparılır. Bu layihələr çox böyük perspektivə malikdir. Yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçirilir. 2021-ci ilin sonuna qədər layihə tam başa çatacaq”, – deyə K.Nurullayeva vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir:
“Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir. Bütün bu uğurların müəllifi Azərbaycandır”, – deyə deputat vurğulayıb.