Prezident İlham Əliyev: Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir

Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün
prioritetlərdən biridir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 6-da
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru
Qu Donqyunu videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Görüşümüz zamanı qaldırmaq istədiyim məsələlərdən biri də
işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə
bağlı planlarımızdır. Azərbaycan ərazilərinin işğaldan azad
edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd
təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin
aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd
təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin
fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də
ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var.
Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının
inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin
dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək.

Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz
üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir
ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib
olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu,
bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm
hissəsini təşkil edir. Bu ilin üç ayı ərzində Azərbaycanda
qeyri-enerji ixracında artım 45 faiz olub. Əlbəttə ki, bu,
məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar
ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün
kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim
islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan,
dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən
torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli,
aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının
sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz
xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi
düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq
etməliyik”.

Teqlər: