Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 26-da
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru
Hans Henri Klugeni qəbul edərkən deyib.
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə
Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın olduğunu
vurğuladı. Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının
COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə
görə təşəkkürünü bildirdi, ÜST-ün COVID-19-a qarşı mübarizəyə dair
təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda COVID-19 ilə bağlı
vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində
pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb.
Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk
ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin
istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla
qarşılanıb. Dövlətimizin başçısı bunun vətəndaşlarımız tərəfindən
dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu
dedi.
Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan
qaldırıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, çox az
sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti
anlayışla qarşılayır.