Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
“Hazırda bizim azad etdiyimiz şərqi Zəngəzur istiqamətində, Zəngilanla sərhəddə Azərbaycanın ordusu yoxdur. Orada Azərbaycanın Dövlət Sərhəd Xidməti var. Baxın, orada hər hansı erməni mülki əhali və Azərbaycan sərhədçiləri arasında heç bir gərginlik yoxdur. Dinc həyat mövcuddur. Biz sərhədə gəldik, sərhədə yerləşdik, sərhədi keçmədik. İndi bəzi kəndlər, bir hissəsi bizim əraziyə düşür, orada erməni silahlı qüvvələri yoxdur. Onların, Ermənistanın heç dövlət sərhəd xidməti yox idi, çünki sizə deyə bilərəm ki, Ermənistanın Türkiyə və İranla sərhədi rus qoşunları tərəfindən qorunur. Yəni, biz öz sərhədimizdə dayanmışıq. Biz erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Əksinə, 20 kilometr uzunluqda olan bir yol, hansı ki, erməni şəhərlərini birləşdirir, o yol Azərbaycan ərazisindən keçir. Biz bunun üçün imkan yaradırıq. Hətta böyük bir plakat da asmışıq orada ki, Azərbaycana xoş gəlmisiniz. Mən anlamıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Sözün açığı, mən bunu anlamıram. Çünki orada hərəkət edən nəqliyyat vasitələri, o insanlar görməlidirlər ki, onlar Azərbaycana daxil olur və Azərbaycan ərazisindən rahat istifadə edir və heç bir problem yoxdur. Ona görə də biz dayanıqlı sülh üçün daha bundan da artıq hər hansı bir nailiyyətə imza atmalı deyilik. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir”.