Prezident İlham Əliyev: Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir

Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici
ölkələrdəndir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji
Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin
rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Yəni, şaxələndirmə yalnız enerji təchizatına aid deyil. Bu,
bizim iqtisadiyyatımızın şaxələndirilməsidir və biz buna nail
oluruq. Hesab edirəm ki, bu gün Azərbaycanda biznes mühiti tamamilə
lazımi səviyyədir və Azərbaycan xarici investisiya üçün olduqca
cəlbedici ölkələrdəndir. Dediyim kimi, birincisi, bizim neft-qaz
sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə
tərəfdaşlığımıza böyük dəyər veririk. Biz heç vaxt imza atdığımız
müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf
edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma
işləri iqtisadi potensialımızı artıracaqdır.

Xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun
yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait
yaradır. Biz əlavə kreditlər götürə bilərik, sadəcə, bunu etmirik,
çünki buna ehtiyac yoxdur. Biz xarici borcumuzu ümumi daxili
məhsulun 10 faizi səviyyəsinə salmaq istəyirik və bununla bağlı
hökumətə göstəriş vermişəm.

Bununla yanaşı, görsək ki, Azərbaycan üçün vacib olan qlobal
əhəmiyyətli layihələr var, əlbəttə, biz ənənəvi tərəfdaşlarımıza,
aparıcı maliyyə institutlarına müraciət edəcəyik ki, bizə dəstək
olsunlar. Bizim bununla bağlı Cənub Qaz Dəhlizi və digər
layihələrdə təcrübəmiz var”.

Teqlər: