Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu.
AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndən sonra tamamilə iflic oldu. Bu, o demək idi ki, danışıqların sonudur. Çünki əgər Ermənistan “Qarabağ Ermənistandır” deyirsə, nə barədə danışmaq olar? Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi. Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi”.