Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 21-də “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlıTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Təəssüf edirəm ki, bu gün qardaş Türkmənistanda keçirilən mərasimdə iştirak edə bilmədim, lakin aydındır ki, pandemiya səbəbindən bu, hələ mümkün deyil. Bununla belə, bu gün biz videokonfrans formatında yenidən görüşmək, mühüm məsələləri müzakirə etmək, bizim qardaşlıq, dostluq münasibətlərinin xarakterini və ruhunu əks etdirən əlamətdar sənədin imzalanmasında iştirak etmək imkanına malikik. Qəti əminəm ki, ölkələrimiz arasında bütün səviyyələrdə, ilk növbədə, Prezidentlər səviyyəsində sıx siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bugünkü sənədin imzalanması mümkün olmazdı.
Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizinlə birlikdə səy göstərmişik ki, ölkələrimizin müvafiq strukturları məhz Prezidentlərin onlara göstərdiyi kimi – əməkdaşlıq, dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işləsinlər. Ona görə də mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”.