Prezident İlham Əliyev: Azərbaycan sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə
sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı
artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol
oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə
olmayıb.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı
Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz
Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, artıq 27-ci dəfədir keçirilən
Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o
vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə
üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox
çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox
əhəmiyyətli rol oynayıb.

“Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçıların rolu
həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək
mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən
Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik
ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək
istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici
sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin
edilmişdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Teqlər: