Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk

Biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“İlk növbədə dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam. Bu il ərzində biz çox fəal dialoq aparmışıq – həm görüşmüşük, həm də tez-tez telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin inkişaf dinamikası bizi çox sevindirir. Lakin mən əvvəlcə Kemerova vilayətində kömür şaxtasında baş vermiş faciə ilə əlaqədar Sizə şəxsən başsağlığı vermək istərdim. Təəssüf ki, xeyli insan həlak olub. Dünən Sizə teleqram göndərmişəm. Bu gün Azərbaycan xalqı adından bir daha Sizə, bütün Rusiya xalqına başsağlığı vermək istəyirəm.

Biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Bu, sadəcə söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq”.

Teqlər: