Prezident İlham Əliyev: Azərbaycan ilə İran arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var

Dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın
iradəsi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan
Azərbaycan-İran münasibətlərinin əsas təməlini təşkil edir. Dostluq
əlaqələrimizin bugünkü yüksək səviyyəsi otuz illik dövrdə
ölkələrimizin birgə fəaliyyətinin nəticəsidir.

AzerTimes xəbər verir
ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası
ilə İran İslam Respublikası arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi münasibətilə Prezidenti Seyid İbrahim
Rəisiyə təbrikində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, bu illər ərzində çoxsaylı
qarşılıqlı səfərlər, imzalanan sənədlər, əldə edilən razılaşmalar
və həyata keçirilən birgə layihələr siyasi, iqtisadi, nəqliyyat,
enerji, mədəni və digər sahələrdə əməkdaşlığımızın dinamik
inkişafında mühüm rol oynayıb.

Təbrikdə daha sonra deyilir: “Mən Azərbaycan ilə İran arasındakı
müntəzəm siyasi dialoqu və bir sıra sahələrdəki işbirliyimizi
yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu gün qarşılıqlı faydalı
əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük
perspektivlər vardır. Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın
işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət
sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam
şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin
gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır.
Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam
Respublikası Hökuməti arasında İran İslam Respublikasının
ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur
iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni
kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma
Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Hazırda
işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və
bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən şirkətlərin də
yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən məmnun
olardıq”.

Prezident İlham Əliyev məktubunda xalqlarımızın mənafelərinə və
ölkələrimizin maraqlarına xidmət edən Azərbaycan-İran münasibətləri
bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcəyinə və
möhkəmlənəcəyinə inamını ifadə edib.

Teqlər: