Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türkiyənin yanındadır

Bu gün qardaş Türkiyə Respublikası 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümünü qeyd edir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.

Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur. Milli birlik və həmrəyliyin, qətiyyətli liderliyin və güclü iradənin təntənəsi olan bu möhtəşəm qələbə Türkiyə xalqının yaddaşında əbədi olaraq qalacaqdır.

Trend xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümünü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktubunda yer alıb.

Məktubda daha sonra deyilir: “Şübhəsiz, Türkiyə Respublikası bu çətin sınaqdan daha da güclənərək çıxmışdır. Son illər ərzində Sizin müdrik rəhbərliyiniz altında qardaş ölkənizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər Türkiyə dövlətçiliyi üçün “Demokratiya və Milli Birlik Günü”nün əhəmiyyətini bir daha vurğulayır.

Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyərək birmənalı mövqeyini ortaya qoymuşdur. Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.

Dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəriniz zamanı imzaladığımız Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərimizi keyfiyyətcə yeni müstəviyə qaldıraraq, əməkdaşlığımızın gələcək istiqamətlərini müəyyən edir”.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığının “Bir millət iki dövlət” şüarına uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişafı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi davam etdirəcəyik.

Teqlər: