Prezident İlham Əliyev: Azərbaycan elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır

Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf,
qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar,
elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar
unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft
məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük
istehsalçısı və ixracatçısı olacaqdır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 15-də
Gülüstan sarayında Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma
mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Mən buna əminəm, biz artıq bu işin təzahürlərini görürük. Onu
da nəzərə almalıyıq ki, qonşu ölkələrdə və Avropa qitəsində
elektrik enerjisinə böyük ehtiyac vardır. Biz elektrik enerjisini
yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik – təbii
qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda
bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür.
Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla
bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın
gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik.

Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq
hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı
təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da
atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan
günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir.
Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər böyük
şirkətlər bu bölgəyə maraq göstərirlər. Bildirməliyəm ki, işğal
dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt işğal
altında olan torpaqlarda bütün infrastrukturu, bütün binaları,
tarixi, dini abidələrimizi dağıtmışlar, bunu təsdiqləyən bir çox
sənədlər, video-foto məlumatlar vardır. O cümlədən Kəlbəcər və
Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv
etmişlər və biz artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə
başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət
göstərmişik. Keçən il 4 su elektrik stansiyasını bərpa etmişik.
Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su
elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu
stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər
stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu
stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox
olacaqdır və bu, su elektrik stansiyalarıdır. Güləş və külək
elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük
potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur
yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar
inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il
ərzində 7 yarımstansiya yaradılıbdır”.

Teqlər: