Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır

Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət
tərəfdaşıdır

AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi
nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Gündəlikdə duran məsələlərin sayı
həqiqətən də artır. Bu, əməkdaşlığımızın çox yaxşı əlamətidir.
Əlbəttə ki, ölkələrimiz arasında çox güclü siyası əlaqələr
tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci
illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə
imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud
olduğunu göstərir və biz artıq yaxın dostuq. Əlbəttə ki, mənim iki
il bundan əvvəl İtaliyaya səfərim və 2018-ci ildə Prezident
Mattarellanın Azərbaycana səfəri ilə bağlı çox yaxşı xatirələrim
var. Səfərlər, müzakirələr və sənədlər – bunlar ölkələrimiz
arasında güclü əlaqələrin olduğunu göstərir. Bildiyiniz kimi bu
yaxınlarda mənim Baş nazir Mario Draqi ilə telefon söhbətim olub və
biz sizin Azərbaycana səfərinizi də müzakirə etdik.

Beləliklə, bütün işlər uğurla gedir və əlbəttə ki, bizim ticarət
tərəfdaşlığımızın yaxşı göstəricilərini görməyə məmnunam. Məlumata
baxdım və gördüm ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas
ticarət tərəfdaşıdır və İtaliyanın Cənub Qafqazla apardığı
ticarətin 95 faizi Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır,
demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur. Əminəm ki,
bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da
artacaqdır. Əlbəttə ki, İtaliyanın bizim əsas ticarət tərəfdaşımız
olması çox yaxşı əlamətdir. Enerji əməkdaşlığında yeni imkanlar
var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə
olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir.
İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz
təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik.
İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik.
Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə
bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox
olacaqdır.”.

Teqlər: