Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə
qarşı mübarizədə də Birləşmiş Ştatlarla bir sırada yer almış,
etibarlı tərəfdaş olduğunu sübut etmişdir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika
Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə göndərdiyi məktubda
qeyd edib.
Dövlət başçısı bildirib:
“Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu
kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində
birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji
təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə
tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır.
Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət
kəsb edən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji
ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı
transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın
göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk.
Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə
qarşı mübarizədə də Birləşmiş Ştatlarla bir sırada yer almış,
etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Ölkəmizin NATO-nun
Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sona qədər
ABŞ-la sıx işbirliyi beynəlxalq sülh və təhlükəsizliyə verdiyimiz
töhfənin bariz təzahürüdür”.