Azad olunmuş ərazilərdə bütün məscidlər dağıdılıb, bu islamofobiyanın təzahürüdür.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi. Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı”.