Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır

Azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“BMT-nin bütün qurumları ilə, o cümlədən biz artıq UNESCO ilə sıx təmasdayıq. UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur. Əslində biz münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki, faktaraşdırıcı missiyanı işğal edilmiş bölgələrə göndərsin. Çünki bizdə olan məlumata görə, orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır və biz istəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin. Əfsuslar olsun münaqişə dövründə bu təklifimiz cavabsız qalmışdır, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənilir. Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər də daha geniş olar”.

Teqlər: