Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var

Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox
böyük planlarımız var.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Digər vacib məsələ məşğulluqla bağlıdır. Ağalı kəndində bu
məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması
nəzərdə tutulur. Mən göstəriş vermişdim ki, keçmiş məcburi
köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq
üçün imkan olsun – həm kənd təsərrüfatında, həm də dövlət və özəl
şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar
çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə
bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir
ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə
bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə,
yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə
bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan
asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm
məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad
olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada
aqrotexniki xidmətin göstərilməsidir.

Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki,
orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar,
xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan
rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd,
Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad
edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda
yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin
Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın
təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə
məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu,
birinci, nümunəvi bir aqropark olacaq. Əminəm ki, azad edilmiş
torpaqlarda aqroparkların sayı çox olacaq. Necə ki, indi sənaye
zonaları yaradılır həm Cəbrayıl rayonunda, həm Ağdam rayonunda.

Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və
iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı
olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST
Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə
yaradılacaq mənzərəni görməliyik”.

Teqlər: