Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır

Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

“Azərbaycanın bütün yerlərində inkişaf müşahidə olunur. Regional inkişaf proqramı uğurla icra edilir. Bu il mən bölgələrə çoxsaylı səfərlər sayəsində əlavə imkanların aşkar edilməsi üçün səylər göstərmişəm və mənim səfərlərim müntəzəm xarakter daşıyır. Azərbaycanın bölgələrinə bu il 47 dəfə səfər etmişəm, bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq.

Əlbəttə ki, bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq. Görülmüş işlər nəticəsində demək olar ki, biz artıq postböhran dövrünə qədəm qoyduq. Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb. Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb”.

Teqlər: