Prezident İlham Əliyev Avstriyanın dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal
Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Federal Prezident,

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar
təbrik məktubunuza görə təşəkkür edirəm. Mən də öz növbəmdə
ikitərəfli əlaqələrimizdə bu əlamətdar tarix münasibətilə Sizi və
xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edir və xoş arzularımı yetirirəm.

Ötən dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq
münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Siyasi,
ticari, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız
dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət
edir.

İnanıram ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq
əlaqələrimiz və qarşılıqlı maraq doğuran əməkdaşlığımız istər
ikitərəfli qaydada, istərsə də beynəlxalq strukturlar çərçivəsində
bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya
xalqına daim rifah arzulayıram”.

Teqlər: