Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin
genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün
zəruridir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji
Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin
rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni
zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı
artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır
ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz
ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii
sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim,
həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın
artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr
təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard
kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər
hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən
digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər.
Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər
yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində
hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.
Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə
olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə
kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə
çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda,
Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim
təmasdadır”.