Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelə təbrik məktubu göndərib.
AzerTimes-ın məlumatına görə,
məktubda deyilir: “Hörmətli cənab Mişel,
Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.
Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər uğurla
inkişaf edir. Ötən il Sizin Azərbaycana səfəriniz əsnasında
apardığımız müzakirələri, Brüsseldə keçirdiyimiz görüşü
məmnuniyyətlə xatırlayıram.
Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması, Cənubi Qafqaz regionunda davamlı sülhün və
sabitliyin təmin olunması və nəqliyyat-kommunikasiya
bağlantılarının qurulması prosesinə Sizin şəxsi töhfənizi yüksək
qiymətləndirirəm.
İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə
xidmət edən humanitar layihələrə Avropa İttifaqının dəstək vermək
niyyətini təqdir edirik.
Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik,
nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur.
Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində
əməkdaşlıq strateji xarakter daşıyır və bu ilin fevral ayında
Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII
toplantısı enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni
imkanlar açmışdır”.
Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş
üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm sənədin
imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni mərhələyə
qədəm qoyacaqdır.
İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin
daha da genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı
istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə
uğurlar arzulayıram”.