Prezident İlham Əliyev: Ağalı kəndinin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulur

Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə
yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150
evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil
tipli evlərin inşa edilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Dünən mən Zəngilan şəhərinin Baş planı ilə tanış oldum. Hesab
edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan
beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan
şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o
qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq,
əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq
ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur
palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə
də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji
normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan
şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat
işləri başlanacaq.

Əlbəttə ki, bunu artıq bilməyən yoxdur, birinci pilot layihə
məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl
inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb
– “Ağıllı kənd”. Bu gün bu kəndlə tanış olarkən, – bilirsiniz, mən
dəfələrlə burada olmuşam, – görürəm ki, doğrudan da böyük, necə
deyərlər, mütərəqqi bir addım atmışıq.

Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən
çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin
genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən
ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi
nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün
xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey
burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan
insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi
əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan
rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş
rayonlarda inşaat işləri daha sürətlə gedəcək”.

Teqlər: