Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü
münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən
təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə
uğurlar arzulayıram.
Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim
fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının
müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri
dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından
alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə
yaşamasında onun əməyi misilsizdir.
Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz
tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə
geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz
qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar
adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə
davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin,
incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları
atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını
əməli surətdə sübuta yetirmişlər.
Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət
quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki
nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə
sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz
açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara
sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına
yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq
işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam
duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə
ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində
rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam
doğrultmuşdur.
Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı
canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha
ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə
sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq
üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı
yetirirəm.
Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük
quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi
yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir”.