10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
“Biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışıqlarda iştirak edirdik. Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat – biz təbii ki, adekvat cavab verməli olduq. Ona görə də bu sual veriləndə ki, davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmıış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar. Həmin sənəd Ermənistanın baş naziri tərəfindən imzalanıb: Ağdamın bir hissəsi, Kəlbəcər və Laçın boşaldılacaq. Biz müharibəni dərhal dayandırdıq. Mən öz sözümə əməl etdim. Ancaq bunu hər kəs çox gözəl anlayır ki, biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticələr daha ağır və acınacaqlı ola bilərdi. Ancaq biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun və biz bunu nümayiş etdirdik. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək”.