Prezident Füzulidə idman kompleksinin təməlini qoydu

Prezident Füzulidə idman kompleksinin təməlini qoydu

12:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində idman kompleksinin təməlini qoyub.

AzerTimes xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleks barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 17 hektar olan kompleksin baş planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək. Bundan başqa, kompleksdə 100 yerlik tamaşaçı tribunası olan üzgüçülük zalı, güləş, cüdo, boks, karate növü üzrə məşq və trenajor zalları yaradılacaq. Binada inzibati otaqlar, kafe, anbar və digər texniki sahələr də nəzərdə tutulub. Burada, həmçinin sauna və masaj otaqları, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar olacaq.

Diqqətə çatdırıldı ki, plana əsasən, ərazidə süni ot örtüklü minifutbol meydançası, açıq havada idman alətləri ilə təchiz edilmiş meydança və texniki bina da yaradılacaq.

Qeyd edək ki, bu idman kompleksi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunacaq.

Teqlər: