Prezident Füzulidə bu məktəbin tikintisi ilə maraqlandı

Prezident Füzulidə bu məktəbin tikintisi ilə maraqlandı

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şövkat Mirziyayev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

AzerTimes xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma inşaat işlərinin gedişi barədə məlumat verilib.

Bildirildi ki, ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şövkat Mirziyayevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında növbəti həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Teqlər: