15:24
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
AzerTimes fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
1.2. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirir.
2. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 aprel tarixli 43 nömrəli, 30 may tarixli 77 nömrəli və 11 iyun tarixli 94 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3-cü hissə və 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
3.1.2. idarəetmə orqanlarının yaradılması;
3.1.3. Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin (o cümlədən sədrlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.1.4. yenidən təşkili və ləğvi;
3.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
3.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.”;
“4.1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;”;
2.2. aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:
“4.1-1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirir;”;
2.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” aşağıdakı redaksiyada verilsin:
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Müşahidə Şurasının sədri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
İdris İsayev – Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.