Prezident Emin Əmrullayevi Təhsil naziri təyin etdi

Prezident Emin Əmrullayevi Təhsil naziri təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin edib.

Bununla bağlı imzalanan sərəncama əsasən, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

1982-ci il təvəllüdlü Emin Əmrullayev bu təyinata qədər Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. O, Təhsil İnstitutundakı vəzifəsinə bu ilin yanvarından təyinat alıb.

Təhsil İnstitutunun direktoru olana qədər isə Emin Əmrullayev nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

1999-2003- cü illərdə Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.

2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.

Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Ceyhun Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin edilmişdi.

emin-emrullayev